Poliklinikaların maddi-texniki bazası gücləndirilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub.
“İNFONEWS” – un Bakı Baş Səhiyyə Mərkəzindən əldə etdiyi məlumatına görə, son bir neçə ayda mərkəzin tabeliyindəki bir sıra tibb müəssisələrinə müasir standartlara cavab verən oftalmoloji, fizioterapevtik, stomatoloji, lor, ginekoloji və sterilizasiya avadanlıqları verilib.
Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, bu sahədə tibbi ximətlərin keyfiyyətinin artırılması məqsədilə prosesin davam etdirilərək bütün aidiyyəti tibb müəssisələrini əhatə etməsi nəzərdə tutulur:
“Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin əksəriyyəti əhaliyə ambulator tibbi xidmət göstərən ilkin səhiyyə xidməti müəssisələridir (poliklinikalar). Əvvəllər bu poliklinikalarda böyük xəstəxanalarda olan tibbi avadanlıqlar ya ümumiyyətlə yox idi, ya da olanlar istismara yararsız idi. Mərhələli şəkildə bu problem aradan qaldırılır. İlkin səhiyyə xidməti müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması prosesi davam etdirilir və bu sahədə artıq bir sıra uğurlara nail olunub”.
Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.