Azərbaycanın qənnadı istehsalçılarından “Ulduz” Şokolad Fabriki Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində iştirak edib.
Sərgidə şokolad fabrikinin fəaliyyəti,məhsulları və məhsulların tərkibində istifadə edilən xammalların mənşəyi haqqında məlumatlar verilib.
Üç gün davam edən sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın şirkətin qida, qeyri-qida, istehsal etdikləri texnologiyalar təqdim edilib.
“Avropa istehsalı olan texnoloji avadanlıqlardan ibarət fabrikimizdə müxtəlif zövqlərə cavab verən məhsullar istehsal edirik. Çalışma prinsipimiz isə sadədir: “keyfiyyət birincidir”, – deyə “Ulduz” Şokolad Fabrikinin İstehsalat Departamentinin müdiri Elşən Hacıyev bildirib.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının “A+” dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır. İstehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir.