“Bakı metropoliteni” QSC-nin bütün infrastrukturu, o cümlədən stansiyaları və elektrik deposu qış mövsümünə hazırdır.
Bunu “İNFONEWS”-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Qış mövsümünə hazırlıq yaydan başlanıb. Açıq hava şəraitində olan stansiya girişləri, ən vacibi, qatarların xəttə verildiyi elektrik deposu ərazisində qatarları bir yoldan digərinə keçirən yoldəyişdirici qurğular üçün qar yağıntısı və şaxtanın fəsadları ağır ola bilər. Bu səbəbdən sərnişinlərin stansiyalara gediş-gəliş yollarının yağıntı və buzdan, depolar ərazisində yol qovşaqlarının qardan təmizlənməsi vacibdir. Depo və park yollarının izolə qovşaqlarına davamlı baxış keçirilir, çəpərləmə ləvazimatlarının, alət və avadanlıqların saz vəziyyətdə olması müntəzəm yoxlanılır. Ümumən, artıq qış mövsümünün planı qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlərə uyğun müntəzəm yerinə yetirilir. Qış tədarükü planına müvafiq, stansiyalarda giriş və keçid pilləkənlərindən qarın təmizlənməsi üçün hazırlıq yekunlaşdırılıb”, – deyə o qeyd edib.
“Birinci məsələ kimi, açıq havada keçid və giriş sahələrinin təmizlənməsinə operativ cəlb olunacaq işçi personalı müəyyən edilib. Onların hazırlığı, həmçinin iş planı ilə bağlı vəzifələr müəyyənləşdirilib. İşçi heyətə əlverişsiz hava şəraitində görüləcək işlərlə bağlı təlimatlar keçirilib. İkinci məsələ kimi, alət və avadanlıqla, geyim dəstləri və fərdi mühafizə vasitələri ilə təchizat həll edilib. Pilləkənlərin və açıq hava səthlərinin buzlaşmasına qarşı hər stansiyanın duz ehtiyat fondu yaradılıb. Üçüncü məsələ kimi, stansiyaların məsul işçi heyətinə qarlı-şaxtalı hava şəraitində nəzarət mexanizmləri və operativ qərarlar üçün tapşırıqlar verilib, dəvət ediləcək əlavə işçi qüvvəsi ilə bağlı göstərişlər müəyyənləşdirilib. Qeyd edilənlər qarlı-şaxtalı günlərdə metropolitenin, həmişəki kimi, normal iş rejimi şəraitində fəaliyyət göstərəcəyinə əsas verir”, – deyə metro rəsmisi əlavə edib.