“Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” – KONFRANS
Ölkəmizdə geniş şəkildə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində İçərişəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə dövlət qurumlarının, Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailələri üzvləri, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
“İNFONEWS” xəbər verir ki, müqəddəs kitabımız “Qurani-Kərim”in oxunuşu ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən danışıb. Onun ölkəmizin inkişaf və tərəqqisi üçün atdığı addımlardan, Azərbaycandakı dini ibadət yerlərinin təmiri, bərpası və qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Qeyd edilib ki, hazırda Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Son illər ərzində yüzlərlə dini-ibadət yerlərinin tikintisi, təmiri aparılıb. Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və çox sevindirici haldır ki, bərpa edilən və yeni tikilən obyektlər arasında mənfur düşmənlərin dağıtdığı məscidlərimiz də var. Hacı Surxay bu işlərində Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli Lider yalnız mənəvi dəyərlərimizin, milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və onu qorumaq əzmində olacaq. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub.
Bu gün milli-mənəvi dəyərlərimiz Ulu Öndərin siyasətinin layiqli davamçısı, Prezident, Vətən müharıbəsində Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qorunur. Bu siyasətin davamı kimi aparılan yenidənqurma işlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da böyük zəhməti var. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın bütün guşələrində, o cümlədən Səbail rayonundakı Bibiheybət ziyarətgahında, həmçinin digər bölgələrimizdə və xüsusilə də işğaldan azad edilən ərazilərdə böyük abadlıq və quruculuq işlərinə imza atıb.