“Həyatımın unudulmaz günlərindən birini yaşayıram”
“Həyatımın unudulmaz günlərindən birini yaşayıram”
“İNFONEWS” xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu üçün həmin şəhərə yollanması ilə bağlı danışarkən deyib.
Bu il karyerasını başa vuran 36 yaşlı müdafiəçi fərqli hisslər keçirdiyini bildirib:
“Buna görə cənab Prezidentə, Ordumuza təşəkkürümü bildirirəm. Ağdamın girişindən etibarən qeyri-adi hisslər yaşamağa başlamışam. Xankəndidə küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım. Burada olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, buralar tam hazır olandan sonra insanlar tez-tez gələcəklər”.
R.Abışov “Qarabağ”ı matçın favoriti adlandırıb:
“Bu gün futbol ikinci plandadır. Əsas – insanların buradakı ab-havanı hiss etmələridir. Bir tərəfdə “Qarabağ”ımız, digər tərəfdə isə Ordu klubudur. Məncə, “Qarabağ” asanlıqla qalib gələcək. Ancaq böyükhesablı qələbə gözləmirəm. Əsas odur ki, insanlar bu gün burada olanlardan həzz alacaqlar”.
Qeyd edək ki, bu gün Xankəndi şəhər stadionunda keçiriləcək “Qarabağ” – MOİK oyunu saat 14:00-da başlayacaq.