Qətərdəki Azərbaycan icması üçün konsert proqramı təşkil edilib
Qətərdə “Yaşıl səhra, daha yaxşı ətraf mühit” mövzusunda keçirilən beynəlxalq sərgi (“Horticultural EXPO 2023 Doha”) çərçivəsində Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə konsert proqramı təşkil edilib.
“İNFONEWS” xəbər verir ki, Dohada səfərdə olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Tofiq Quliyev adına 12 nömrəli on bir illik musiqi məktəbinin bir qrup musiqiçisi Əməkdar müəllim Gülnarə Səfərovanın rəhbərliyi altında Qətərdəki Azərbaycan icması üçün konsert proqramı ilə çıxış ediblər. Tar, klarnet və fortepianodan (tar – Eminli Emin, klarnet – Güləliyev Elçin və fortepiano – Aydazadə Sevinc) ibarət musiqi qrupu Tofiq Quliyev, Fikrət Əmirov və digər görkəmli Azərbaycan bəstəkarlarının mahnılarını təqdim ediblər. Konsert proqramı beynəlxalq sərginin keçirildiyi “Al Bidda” parkındakı amfiteatrda reallaşıb.
Qeyd edək ki, “Horticultural EXPO 2023 Doha” beynəlxalq sərgisi gələn il martın 28-dək davam edəcək. Sərgi çərçivəsində bir sıra mədəni proqramların təşkili nəzərdə tutulub.