Şagirdlər Şəhidləri həm tanıdı, həm də tanıtdılar –“Qarabağ sizsiniz”

Şagirdlər Şəhidləri həm tanıdı, həm də tanıtdılar –“Qarabağ sizsiniz”

Artıq 44 günlük Vətən müharibəsindən 4 il keçir. Bu müharibədə canından keçən Şəhidlərimizin xatirəsi bu və ya digər şəkildə əbədiləşdirilir. Bu prosesin davamı olaraq Elm və Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərin 9-cu siniflərində “Zəfər tarixi” fənninin tədrisinə başlanılıb. Fənnin əhatə etdiyi mövzular ermənilərin torpaqlarımıza olan iddiaları, məkrli planları, işğalçıları torpqlarımızdan qovan Azərbaycan əsgər və zabitləri, canını qurban vermiş şəhidlər haqqındadır.

“İNFONEWS” xəbər verir ki, tədris olunan “Zəfər tarixi” fənninə 44 günlük müharibənin şahidi olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdləri xüsusi həvəslə yanaşıblar.

Məktəbin tarix müəllimi Günay Şərifzadənin təşəbbüsü və rəhbərliyi altında şagirdlər tədris ili ərzində Şəhidlər haqqında ətraflı məlumat toplayaraq onları həm tanıdılar, həm də tanıtdılar. Aprel, Günnüt və Tovuz döyüşlərinin, həmçinin 44 günlük Vətən müharibəsi Şəhidlərinin həyatını, döyüş yolunu öyrənməyi şagirdlər özlərinə borc bildilər. İl ərzində toplanmış məlumatların kitab halına salınması qərara alındı. Şagirdlər “Əlimizdən nə gələ bilər?” sualını yaşlarına uyğun tərzdə cavablandırdılar. Onların topladıqları məlumat əsasında 3 cildlik “Qarabağ sizsiniz” kitabı ərsəyə gəldi. Kitabda bütün Şəhidlər haqqında məlumat öz əksini tapıb. Əsl Azərbaycan gəncliyini gələcəkdə də elə bu vətənpərvər şagirdlər təmsil edəcək.

İstər döyüş meydanında, istərsə də intellektual sferada belə gənclərimiz var olduqca Azərbaycan hər zaman zirvələrə ucalacaq. Müstəqilliyimizin qazanılması, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşərək şəhid olmuş oğul və qızlarımızın xatirəsini hörmətlə anır, onlarla qürur duyuruq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir