“Japan Airlines” bioyanacaqdan istifadə etməklə ilk uçuşu həyata keçirib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Fevralın 4-də Yaponiyanın “Japan Airlines” (“JAL”) aviaşirkəti sərnişin təyyarəsində bioyanacaqdan istifadə etməklə ilk uçuşu həyata keçirib.
Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Tokionun “Haneda” beynəlxalq aeroportundan Fukuoka şəhərinə uçan sərnişin təyyarəsində ilk dəfə köhnə geyimdən alınan yanacaqdan istifadə olunub.
Qeyd edilir ki, “JAL” aviaşirkəti adı açıqlanmayan digər yapon şirkəti ilə birlikdə ilk dəfə bu alternativ enerji mənbəyindən istifadə edib. Həmin yanacağın adi reaktiv yanacaqdan daha az tullantı əmələ gətirdiyi və ekoloji baxımdan faydalı olduğu bildirilir.
Təyyarənin uçuşu zamanı 250 min ədəd pambıq parçadan tikilmiş köhnə geyimdən istifadə olunduğu qeyd edilir. Yekun məhsulu əldə etmək üçün fermentasiyadan və digər proseslərdən istifadə olunduğu vurğulanır.
Şirkətin nümayəndəsinin bildirdiyinə görə, hazırda digər yapon şirkətləri ilə də bioyanacağın hazırlanması istiqamətində danışıqlar aparılır. Müsbət nəticə əldə ediləcəyi təqdirdə təyyarələrin uçuşundan sonra səmada karbon qazı tullantısı azalacaq ki, bu da beynəlxalq normalara tam cavab verəcək.