“İRƏLİ” İB 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

“İRƏLİ” İB 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

“İRƏLİ” İctimai Birliyi 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib.

“İNFONEWS” – a Birliyin Mətbuat xidmətindən bildirilib ki, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində “Tarixi yaddaşımızda 20 Yanvar” adlı görüş keçirilib.

Tədbiri giriş nitqi ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, tariximizin öyrənilməsi və araşdırılması olduqca vacib vəzifələrdəndir. Yaddaşımıza əbədi həkk olunmuş Qanlı Yanvar hadisələri təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi düşərək, ölkəmizin istiqlal tarixinə əhəmiyyətli təsir göstərib. Bu xüsusda 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsi haqqında həqiqətlər gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Daha sonra tədbirin qonaqları – Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar jurnalist Rafiq Səməndər və fotomüxbir Rasim Sadıxov geniş təqdimatla çıxış ediblər. Çıxışçılar həmin faciəvi hadisələrlə bağlı ən yaddaqalan məqamları diqqətə çatdırıblar.

Silsilə tədbirlər müddətində həmçinin “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Qanım Bayrağımdadır” adlı ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutmuş tədbirin əvvəlində Azərbaycan Dövlət Rəsm Qalereyası fondunun əsərlərindən ibarət sərgi keçirilib. Ədəbi-bədii gecədə Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xor kollektivi və musiqiçi gənclərin təqdimatında müxtəlif əsərlər, həmçinin Azərbaycan Tibb Universitetinin tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Qeyd olunub ki, ümumilikdə tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, habelə 34 il öncə baş vermiş faciə barədə gənc nəslin məlumatlılığının artırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir