Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət VERİLDİ

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət VERİLDİ

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət verilib.

“İNFONEWS” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da
daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir