AŞPA rəzil addımları ilə Azərbaycan kimi tərəfdaşı özündən uzaqlaşdırır
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməklə özü üçün biabırçı bir səhifə açdı. Bu təşkilat fəaliyyətini demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri üzərində qurmalı olduğu halda, özünün təməl prinsiplərinin icrasında acizliyini nümayiş etdirdi. Belə ki, verdiyi qərarlarla AŞPA özünün təməl prinsiplərini müdafiə edən təşkilat yox, 1-2 dövlətin sifarişlərinin icraçısı olduğunu sübuta yetirdi. Bu baxımdan Fransanın sifarişi ilə hazırlanan və qəbul olunan Azərbaycanla bağlı qərara səs verən avropalı parlamentarilər reallıqdan uzaq, ədalətsiz və riyakar olduqlarını göstərdilər.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov söyləyib.
Deputat deyib: “Avropa Şurasına üzv dövlətlərin dini mənsubiyyətlərinə baxsaq görərik ki, təşkilatda Türkiyə və Azərbaycandan başqa İslam dininin daşıyıcıları yoxdur. Amma son vaxtlar Türkiyənin və Azərbaycanın yürütdükləri müstəqil siyasətlə dünyada nümayiş etdirdikləri cəsarətli mövqe digər dövlətlərin maraqlarına cavab vermir. Ona görə də AŞPA-da təmsil olunan xristian birliyi ədaləti və beynəlxalq hüququ yaddan çıxardaraq islamofob, türkofob, azərbaycanofob məqsədlərini reallaşdırmağa çalışır. Avropalı parlamentarilər utanmadan yalan, böhtan və iftira dolu çıxışları ilə Azərbaycanın etimadnaməsini təsdiq etməyəcəklərini bildirdilər. Əslində, AŞPA bu rəzil addımı atmaqla Azərbaycan kimi tərəfdaşını özündən uzaqlaşdırdı”.
Azərbaycan AŞPA-ya üzv olanda torpaqlarımız erməni işğalı altında idi və ölkəmiz 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Lakin AŞPA problemlərimizin üzərindən susqunluqla keçərək heç nə baş verməmiş kimi davranırdı. Cəzasızlığı görən Ermənistan isə daha azğınlaşır və Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. AŞPA-dan əlavə, Qərbin digər beynəlxalq təşkilatları da Ermənistana heç bir təzyiq göstərmədi və onlardan beynəlxalq hüquqa hörmət qoymalarını tələb etmədi. Lakin Azərbaycanın ərazilərini işğaldan azad etməsi Qərbin bütün planlarını alt-üst etdi.
“Əvvəl münaqişələrə qarışmadığını deyən AŞPA Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməyə başladı. Xüsusilə Fransa Azərbaycana qarşı açıq şəkildə düşmənçiliyə keçdi. Belə görünür ki, onlara “sözəbaxan” Azərbaycan lazım imiş. Eyni siyasət xəttinə sadiq qalan Fransa Milli Assambleyası və Senatı da Azərbaycana qarşı qətnamələr qəbul etdi. İndi də özünün oyuncağına çevirdiyi Almaniyanın əli ilə AŞPA-da Azərbaycana qarşı məsələni gündəliyə gətirdi. Amma ölkəmizlə bağlı səsləndirilən arqumentlər də tamamilə yanlış və qərəzli idi. Hətta almaniyalı deputat Frank Şvabenin BBC-yə müsahibəsində bu məsələni özünün istəyi ilə gündəliyə gətirmədiyini görmək çətin deyildi. Sual oluna bilər ki, Azərbaycanın AŞPA-da iştirak etməməsindən kim nə qazanır və kim nə itirir? Birincisi, qeyd etmək istəyirəm ki, AŞPA Azərbaycanın ümidlərini doğrultmadı və bu illərdə ancaq insan haqları adı altında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhdlərlə yadda qaldı. Bütün bu ikiüzlülüklərinə baxmayaraq, Azərbaycan AŞPA-nı, sadəcə, dialoq üçün bir platforma kimi qəbul edərək orada təmsil olunurdu”, – deyə o vurğulayıb.
Deputat bildirib ki, avropalı parlamentarilər birdəfəlik qulaqlarında sırğa etməlidirlər – onların riyakar addımları xalqımızın iradəsinə təsir göstərə və bizi yolumuzdan döndərə bilməyəcək. Çünki Azərbaycan haqq yolundadır, bizim yolumuz beynəlxalq hüquq və ədalət üzərində qurulub. Güclü Azərbaycan bundan sonra da öz ədalətli mövqeyini heç nəyə baxmayaraq qoruyacaq.