AZƏRBAYCAN DÖVLƏTİNİN QALİB SİYASİ LİDERİ
“İNFONEWS” təqdim edir:
AZƏRBAYCAN DÖVLƏTİNİN QALİB SİYASİ LİDERİ
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının ölkəmizə 2003-cü ildən hal-hazıra kimi rəhbərlik etdiyi son 20 il, xalqımızın tarixinə ərazi bütünlüyümüzün tam təmin edilməsi, onun müstəqil bir dövlət kimi formalaşmasını, inkişafını özündə əks etdirən və parlaq gələcəyi olan tarixi bir dövr kimi daxil olmuşdur.
Aydındır ki, bu illər ərzində ölkəmizdə bütün istiqamət və sferalar üzrə, iqtisadi və sosial inkişaf sahəsində əldə olunan uğurların təməlində, əsası uluöndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının, dəyişən şəraitə və reallığa uyğun olaraq İlham Əliyev cənabları tərəfindən yaradıcılıqla reallaşdırılması dayanır. Prezident İlham Əliyev daima öz fəaliyyətində uluöndərin belə bir müdrik kəlamını əsas götürmüşdür ki, “Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” Məhz əsası uluöndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən uzumüddətli daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycanın milli iqtisadiyyatı bugünkü yüksəlişə və inkişafa nail olmuşdur. Onu da xüsusi qeyd etməliyik ki, bu gün dövlətimizin əsaslarının möhkəmliliyi, bütünlükdə həyata keçirilən iqtisadi siyasətin səmərəliliyi, müstəqilliyimizin təmin edilməsinin əsasında, prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə və tam yerinə yetirmişdir. Ötən dövr ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunmuşdur. Azərbaycanın iqtisadi imkanları kəskin atrmış, müasir standartlara uyğun ordu yaradılmış, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənmiş, o söz sahibinə çevrilmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələrdə Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-ci illərdə sədrlik etməsi, 2024– cü ildə dünya ölkələrinin böyük əksəriyyətinin razılığı ilə “Cop 29”- un Bakı şəhərində keçirilməsi, müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini bir daha sübut edir.
Bunlarla yanaşı ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Bu gün ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyada ən güclü və qüdrətli 50 ordu sırasında yer tutur. Azərbaycan ordusu öz gücünü və döyüş qabiliyyətini həm düşmənə, həm də dünyaya nümayiş etdirdi.
İlk 2016-cı il Aprel döyüşləri Azərbaycan tarixinə zəfər səhifəsi kimi daxil oldu. Bu zəfər savaşının davamı olaraq, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzkar hərəkətlərindən sonra Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədilə əks hücum əməliyyatlarına başlanıldı. Azərbaycan Respublikası prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində misli görünməmiş qələbələr əldə edərək, dünya hərb tarixinə şanlı səhifələr yazdı. Daha sonra 2023-cü il sentyabrın 19-20-də Azərbaycan ordusu tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Əsgəran separatçılardan təmizləndi və bu regionda da Azərbaycanın tam müstəqilliyi bərpa olaraq, hər yerdə üçrəngli zəfər bayrağımız dalğalandı.
Əlbəttə ki, bizə bu qələbəni, keçirdiyimiz qürur hissini yaşadanlar öndə Ali Müzəffər Baş Komandanımız cənab İlham Əliyev olmaqla, xalqımızın igid oğulları, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız və qazilərimiz olmuşdur.
Bu çətin, keşməkeşli yolda ümumxalq sevgisi qazanmış Prezident İlham Əliyev, həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, analitik və innovativ düşüncə tərzi, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Biz bütün xalqımız kimi ona tam inanırıq ki, yaxın gələcəkdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük və möhtəşəm uğurlara nail olacaqdır.
i.ü.f.d Günay PƏNAHOVA
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti
t.e.n Solmaz GÖZƏLOVA
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat “kafedrasının dosenti