“Caspian Energy Club” beynəlxalq fəaliyyətini bərpa etməyə hazırlaşır.
“İNFONEWS” xəbər verir ki, bunu “Caspian Energy Club International”ın İdarəedici direktoru Günel Quliyeva bildirib.
O, ilk tədbirin fevralın 8-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcəyini, tədbirin “Green Economy Transition” mövzusuna həsr olunacağını qed edib.
“Green Economy Transition” adlı mövzunun seçimi Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək ölkə kimi tanıtmaq, COP29 mövzularına xaricdə olan marağı artırmaqdır. Biz əminik ki, nəinki Azərbaycan, həmçinin bütün region üçün mühüm rol oynayan COP29 və onun çərçivəsində müzakirə olunan qlobal istiləşmə tempinin səngiməsi, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq kimi mövzular Tbilisidə keçiriləcək tədbirdə də geniş müzakirələrə səbəb olacaq. Həmçinin, COP29-un “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyi yubileyinə təsadüf etməsi sevindici haldır. Belə ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq arenada getdikcə artan nüfuzunun və bir çox sahələrdə əldə etdiyi uğurların bariz nümunəsidir. Bu tədbirə dəstək olaraq biz “Caspian Energy Club”un fəaliyyət göstərdiyi bütün ölkələrdə “Caspian Energy MeetUp”ların təşkili, qlobal istiləşmə sahəsinə töhfəsi olacaq xarici şirkət və ekspertlərin cəlb edilməsi üçün səylərimizi əsirgəməyəcəyik”, – G.Quliyeva vurğulayıb.
“Caspian Energy Club”un 50 ölkədə nümayəndəsi, 14 ölkəsində isə fiziki ofisi var.