Beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağ regionundakı seçki məntəqələrində seçici fəallığının yüksək olmasını məmnunluqla qeyd edib.
“İNFONEWS” -a açıqlamasında belaruslu deputat Şuşadakı seçki məntəqəsində də olduğunu vurğulayıb.
“Saat 12:45-ə olan məlumata görə, Şuşada seçici fəallığı demək olar ki, 50 faiz təşkil edib. Vətəndaşların fəal olduğunu gördük”, – o bildirib.
V.Belski Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı planların tezliklə həyata keçirilməsini arzulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ən yüksək dövlət səviyyəsində əldə edilmiş razılaşmaların səmərəli icrası baxımından vacib adlandırıb.