İllər sonra Xankəndi şəhərində səs vermək qürurverici bir haldır.
“İNFONEWS” xəbər verir ki, bunu “Report”a Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Xankəndi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə deyib.
O, bu şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib:
“Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti yaradıb, biz də gəlib doğma şəhərimizdə səs veririk. Xankəndi şəhəri azad ediləndən burada çalışırıq. Çox sevindirici haldır ki, illər sonra burada səsvermə hüququmuzdan istifadə edirik”.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.