Roma Papası: “Gələcək təhlükə altındadır”
“İNFONEWS” xəbər verir.
Roma Papası Fransisk bu il ilk dəfə Apostol Sarayının pəncərəsindən moizə ilə möminlərə müraciət edib. O, Müqəddəs Pyotr meydanına toplaşanlarla birgə “Rəbbin mələyi” duasını oxuyub.
Pontifik moizəyə başlamazdan öncə “yenidən meydanda” deyərək gülümsəyib. O, Roma Katolik Kilsəsinin fevralın 11-ni Dünya Xəstələr Günü kimi qeyd edəcəyini xatırladıb və xəstələrə qayğı göstərməyin kilsənin vəzifəsinin vacib bir hissəsi olduğunu vurğulayıb.
Papa bir sıra beynəlxalq məsələlərə də toxunub. Myanmada baş verən son hadisələrdən ciddi narahatlığını ifadə edərək, bu ölkənin xalqı ilə həmrəy olduğunu və harmonik demokratik birgəyaşayış üçün sosial ədalət və milli sabitliyi təmin etməyə çağırış edib.
Bundan əlavə, Fransisk doğma yurdlarını tərk edən yetkinlik yaşına çatmayan miqrantların problemlərinə də diqqət çəkib. Xüsusilə, “Balkan marşrutu” adlanan yolla gedən çox sayda uşaq və yeniyetmədən bəhs edib, onlara qayğı, humanitar yardım göstərməyə çağırıb.
Sonda Papa İtaliyada doğum nisbətinin nəzərə çarpacaq dərəcədə düşməsi ilə əlaqədar narahatlığını dilə gətirib: Doğumlar azalıb, gələcək təhlükə altındadır. Bu demoqrafik qışın bitəcəyinə və uşaqların yeni bir baharının çiçəklənəcəyinə ümid edirəm.