Azərbaycan Kubokunda üçüncü yarımfinalçı da bəlli oldu
“İNFONEWS” xəbər verir
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir cavab matçı keçirilib.
“Keşlə” Gəncədə I Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Rəhman Hacıyev, 90-cı dəqiqədə isə Anatole Abanq vurublar.
İlk qarşılaşmada da rəqibini məğlub edən (1:0) “Keşlə” adını yarımfinala yazdırıb.
Paytaxt təmsilçisinin bu raunddakı rəqibi “Zirə” – “Neftçi” cütünün qalibi olacaq. İlk oyunda “qartallar” qalib gəliblər – 1:0.
Qeyd edək ki, 1/4 final mərhələsində dünən keçirilmiş oyunlarda “Qarabağ” səfərdə “Qəbələ”ni 3:0, “Sumqayıt” isə “Səbail”i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar.
Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.