UNEC-də Əliağa Vahidin anadan olmasının 129 illiyi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 129 illiyi münasibətilə “Vətən Yaxşıdır” adlı Yaradıcılıq gecəsi keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirin dəvətli qonaqları yazıçı, filoloq, şair Araz Əfəndi və gənc qəzəlxan, “Ümidim sənsən” kitabının müəllifi Təbriz Quliyev olublar.

UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Əliağa Vahidin yaradıcılığı haqqında danışaraq, bildirib ki, Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb.

Sözün qüdrəti, söz xiridarlarının istedadını gəönc nəslə tanıtdırmaq məqsədilə təşkil edilmiş bu tədbirdə Yaradıcılıq Mərkəzinin Bədii-qiraət dərnəyinin tələbələri hazırladıqları qəzəllərlə tədbirə ayrı bir rəng qatıblar. Rəvan Əliyev, Mahir Fətullayev, Hüseyn Şükürov, Səyyad Babayev, Fuad Əzizov, Murad Məmmədli, Nəzrin Baxşəliyeva həm qəzəl, həm də sərbəst şeir nümunələri ilə çıxış ediblər.

Tədbirin musiqili hissəsində Mərkəzin Vokal dərnəyinin qrup rəhbəri Elxan İsgəndərov və İnstrumental ifa dərnəyinin üzvləri Nadir Əzimli, Nərmin Vəlizadə triosunun ifaları tədbirə bir başqa maraq qataraq, Əliağa Vahidin qəzəlləri üzərindən muğam oxuyublar. Tədbirin qonağı – Azərbaycan Universitetində təhsil alan gənc şair İsmayıl Dadaşov da öz qəzəlini tədbir iştirakçılarına təqdim edib.

Gözəl ifalar, zövqlü poeziya təqdimatları ilə zəngin olan yaradıcılıq gecəsi uzun müddət xoş təəssuratlarla yadda qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir