Fransa Xarici İşlər Nazirliyi (XİN) Seneqal hakimiyyətini ən yaxın vaxtlarda ölkədə prezident seçkiləri keçirməyə çağırıb.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı kommünikedə deyilir.
“Fransa bir daha hakimiyyəti Seneqal Konstitusiyasına uyğun olaraq prezident seçkilərini mümkün qədər tez təşkilinə, habelə ictimai azadlığı təmin etməyə çağırır”, – sənədin mətnində yazılıb.
Fransa XİN, həmçinin tərəfləri dialoqa çağırıb.
Seneqaldakı vəziyyət ölkə Prezidenti Maki Salın fevralın 3-də xalqa televiziya ilə müraciətində namizədlərlə bağlı çaşqınlıq səbəbindən prezident seçkilərini təxirə saldığını elan etməsindən sonra gərginləşib. Onun sözlərinə görə, parlament bəzi siyasətçilərin seçkilərdə iştirakla bağlı müraciətlərinin rədd edilməsinin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Seneqal parlamenti də öz növbəsində prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə təxirə salınmasını təsdiqləyib və hazırkı prezidentin aprelin 2-də başa çatmalı olan səlahiyyətlərini uzadıb.
Bundan sonra müxalifət Konstitusiya Şurasına şikayət edərək seçkilərin əvvəlcədən müəyyən olunmuş tarixdə keçirilməsinə çağırıb. Məhkəmənin qərarının tezliklə veriləcəyi gözlənilir. Eyni zamanda bütün ölkədə seçkilərin təxirə salınması qərarının ləğvi tələbi ilə nümayişlər keçirilir.
Müxalifət lideri Usman Sonko hökumət üzvlərindən birinin adını ləkələyən məlumat yaydığına görə 6 aylıq həbs cəzasını çəkir. Eyni zamanda, Sonkoya qarşı daha iki cinayət işi üzrə hazırlıq gedir. O, üsyana çağırış və dövlət əleyhinə başqaları ilə əlbir olmaqda şübhəli bilinir.