Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda yerləşən “Kalaba” Türk Dünyası Meydanında anım mərasimi keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyi və Keçiörən Bələdiyyəsi tərəfindən birgə təşkil olunan mərasimdə deputatlar, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyədə hərbi təhsil alan vətəndaşlarımız iştirak ediblər.
“İNFONEWS” “Report”-a istinadən xəbər verir ki, “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq” adlı tədbirdə əvvəlcə şəhidlərin ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım,Türkiyə Prezidenti yanında Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor Aygün Attarın, Ankara Universitetinin rektoru Nejdet Univarın çıxışları dinlənilib.
Bələdiyyə sədri Turqut Altınok bildirib ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq bəşəri cinayətdir.
Xocalı soyqırımının acılarını heç zaman unutmayan Türkiyə ictimaiyyətinə səmimi təşəkkürlərini ifadə edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diqqətə çatdırıb ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Yer üzündə belə qanlı hadisələrin bir daha törədilməməsi üçün Xocalı soyqırımı unudulmamalı və faciə barədə həqiqətlər dünya ictimaiyyətinə daha geniş çatdırılmalıdır.
Aygün Attar öz çıxışında Xocalıda yaşanan bəşəri cinayətin acılarını bölüşüb.
Erməni millətçilərinin xalqlarımıza qarşı törətdikləri amansız cinayətlərin ifşa edilməsini mühüm vəzifə kimi dəyərləndirən deputat Şamil Ayrım bildirib ki, Xocalıda qadın, uşaq, yaşlı bilmədən törədilən cinayət, hamilə qadınların bətninin yarılması kimi ağır işgəncələr bəşəriyyət əleyhinə işlənmiş dəhşətli qətliamdır.
Çıxışlarda dünyadakı sülhsevər insanların “Xocalıya ədalət” çağırışı etmələri ilə bağlı müraciətlər də səslənib.
Vurğulanıb ki, erməni lobbisinin və tərəfdarlarının Türkiyəyə qarşı zaman-zaman böhtan ataraq, istifadə etdikləri saxta “erməni soyqırımı” mövzusundan danışanların vicdanına səslənib, Xocalı soyqırımı gerçəklərinə baxmaları da təklif edilib.
Tədbirdə “Kalaba” Türk Dünyası Meydanında ucaldılan Xocalı soyqırımı abidəsinin önünə əklillər də qoyulub.