“Can Azərbaycan” yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS” Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.
İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Sərgidə iştirak ödənişsizdir. Əsərləri “Facebook”da Bakı Xətai Sənət Mərkəzinin qrupunda müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd edilməklə martın 5-dək onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.
Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.
Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazının dərc olunması da nəzərdə tutulur.