Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

“İNFONEWS”  bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.

Ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər.

Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.

Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub.

Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir