5 Mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür
5 Mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Respublikada idmanın ildən-ilə inkişafını görməmək mümükün deyil. Hazırda Azərbaycannın adı dünyada güclü idman ölkələri sırasında çəkilir.
Hər bir azərbaycanlı kimi çox qürurluyuq. Çünki 2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq turnirlər təşkil edilir. Ötən il Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə bu kimi əhəmiyyətli yarışlara start verilir. Həmçinin keçən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik etdi. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan xalqı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə etdi.
2024-cü ildə isə “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu Azərbaycanın azad edilən torpaqlarında təşkil olunan birinci beynəlxalq yürüş oldu. Burada müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı Xankəndidən Bakıya kimi 380 kilometr məsafə qət etdi.
Ölkəmizdə reallaşan mötəbər tədbirlər bunlarla yekunlaşmır. Bu il Azərbaycan gimnastika üzrə dünya və Avropa kubokları, güləş üzrə Avropa Olimpiya lisenziya turniri, “Mingəçevir reqatası”, “Baku Open 2024” beynəlxalq şahmat turniri, Formula 1 üzrə Azərbaycan Qran‐Prisi kimi vacib yarışlara ev sahibliyi edəcək.
Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub.