“Qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər” -Nazir
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.
“İNFONEWS” – un Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumatında bildirilib ki, təbrikdə deyilir:
“Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə strukturlarında işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazıb. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilib.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yeri, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha xarakterizə edir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Vətənimizin azadlığı uğrunda və müqəddəs amal naminə neçə qadın şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında Azərbaycan qadını bu gün yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.
Mərhəməti, humanistliyi və xeyirxahlığı, müdrikliyi, zəngin dünyagörüşü ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
İnanıram ki, Azərbaycan Ordusunda xidmət edən və mülki işçi kimi çalışan bütün qadınlar bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər.
Bayramınız mübarək, əziz xanımlar! Azərbaycan dövlətinin müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan qüdrətli ordusu var”.