Misirdə yaşayan soydaşımız ICESCO-nun sülh elçisi seçilib

Misirdə yaşayan soydaşımız ICESCO-nun sülh elçisi seçilib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) liderlik treninqi proqramı çərçivəsində 68 ölkədən 100 gənci təşkilatın sülh elçisi seçib. Onların arasında Misirdə yaşayan azərbaycanlı gənc Sandi Səlim də var.

“İNFONEWS” xəbər verir ki, hazırda Qahirədə tibb təhsili alan Sandi beş il əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş filmdə azərbaycanlı qız obrazını canlandırıb. O, həmçinin Misirin səlahiyyətli orqanlarının patentləşdirdikləri bir sıra ixtiraların müəllifidir.

Uqandanın Kampala şəhərində keçirilən gənc sülh elçilərinə sertifikatların təqdim olunması mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik bildirib ki, bu ada layiq görülən gənclərin İslam təşkilatlarında və öz ölkələrində fəaliyyətləri ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. O əlavə edib ki, bu gənclər geniş yayılmış münaqişələr və müharibələr şəraitində öz cəmiyyətlərində müsbət dəyişikliklərin liderləri kimi xidmət edən sülh səfirləri olacaqlar. Baş direktor təşkilatın 2025-ci ilə qədər 500 gənc sülh səfirini müəyyən etmək niyyətində olduğunu ifadə edib.

Mərasimdə çıxış edən gənc sülh elçiləri qeyd ediblər ki, hazırkı mürəkkəb qlobal şəraitdə sülhün və təhlükəsizliyin təmin edilməsi planetin gələcəyi olan gənclər üçün çox mühümdür. Onlar öz ölkələrində və müxtəlif beynəlxalq təşkilatlarda bu istiqamətdə səylərini gücləndirəcəklərini bildiriblər, həmçinin sosial mediada sülhün təbliği, ekstremizmin bütün təzahürlərinə qarşı mübarizə sahəsində daha fəal olacaqlarını bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir