BP Azərbaycanla uzunmüddətli tərəfdaşlıq planlarını açıqlayıb

BP-nin baş icraçı direktoru Marri Okinkloss Azərbaycanda ikigünlük işgüzar səfərdədir.

“İNFONEWS”-ün BP-yə istinadən verdiyi məlumata görə, bu səfərdə onu şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel müşaiyət edir.

Bu gün səhər M. Okinkloss Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və görüşdə BP-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə edib. Görüş zamanı M. Okinkloss BP-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulayıb, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat verib və BP-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirib.

M. Okinkloss dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat verib. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək “Şəfəq” günəş elektrik stansiyası layihəsi haqqında danışıb və bildirib ki, bu layihə BP-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və BP-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.

Səfər proqramı çərçivəsində M. Okinkloss iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə də görüşüb. Bu görüşlərdə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr çərçivəsində aparılan işlər müzakirə olunub.

Səfər zamanı M. Okinklossun şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər heyəti ilə görüşləri, BP-nin regional işçi heyəti ilə ümumi görüşü, həmçinin Səngəçal terminalına səfəri də planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir