“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin”.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov Monqolustan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis komandanın çıxışını dəyərləndirib: “Yeni ildə ilk qələbə idi, buna görə təbrik edirəm. Belə çətin olacağını bilirdik. Təhlil etdiyimiz zaman rəqibin daha çox müdafiədən oynadığını görürdük. Məşqlərdə bunun üzərində işləyirdik. Əsas odur ki, sona qədər səbirli oynadıq və qələbə qolunu vura bildik. Dünya futbolunda da belə hallar olur ki, bəzən belə rəqiblərə qarşı böyük yığmalar da çətinlik çəkirlər. Adətən biz “iki nömrə” oynamışıq. Bu gün isə hücum futbolu göstərdik”.
O, Bolqarıstanla qarşılaşmada fərqli taktiki sxemdə çıxış edəcəklərini gizlətməyib: “İki fərqli rəqiblə iki fərqli sistemlə oynaya bilərdik. Bu üzdən Bolqarıstanla matçda hansısa dəyişikliklər ola bilər. Bolqarların Serbiya və Macarıstanla oyunlarını izləmişik. Tanzaniya ilə bugünkü matçlarına (1:0) da baxdıq. İstənilən halda rəqibə ev yiyəsi olduğumuzu hiss etdirməyə çalışacağıq”.
Məşqçi hesab edir ki, erkən qol vursaydılar, daha çox fərqlənə bilərdilər: “Sona qədər qol vuracağımıza inanırdım. Qol vuracağımızı gözləyirdim. Amma sona yaxın həyəcanlı idim”.