“Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir”
“Bu gün Bakı Dövlət Universitetində həm tələbələr, həm də işəgötürənlər üçün mühüm tədbir keçirilir. Onu da qeyd edim ki, belə festival və sərgilər Bakı Dövlət Universitetində davamlı şəkildə həyata keçirilir. Əvvəlkilərdən fərqli olaraq, builki festivalın özünəməxsus xüsusiyyəti var. Belə ki, bu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılmasının 105 illiyi tamam olacaq və elə bu məqsədlə rəmzi olaraq festivala 105 şirkət və dövlət qurumunun nümayəndələri dəvət edilib.”
“İNFONEWS” xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev söyləyib.
“Festivalda bu günümüzün tələbələrinə, sabahımızın məzunlarına 1200-dən çox vakansiya, onlarca təqaüd və başqa proqramlar təklif olunur. Əlbəttə, bu gün hər bir tələbənin, gələcək məzunun həyatında dönüş nöqtəsi baş verə bilər və bu fürsəti dəyərləndirmək, təbii ki, əlamətdar bir hadisə hesab edilə bilər”,- deyə Elçin Babayev bildirib.
Bakı Dövlət Universitetinin məzunları ilə qürur duyduğunu vurğulayan rektor deyib: “Bizim dünyaşöhrətli məzunumuz Ulu Öndər Heydər Əliyevdir. Mən deyərdim ki, Bakı Dövlət Universitetinin şöhrəti respublikadan kənarda da kifayət qədər yüksək səviyyədədir və məzunlarımız hazırda dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərirlər”.
“Biz düşünürük ki, hər il neçə min məzunu olan Bakı Dövlət Universitetinin yetirmələri həyatlarının növbəti mərhələsində və sonrakı cığırında karyeraları ilə daha dərindən maraqlanacaq, əlaqə saxlayacaq və universitet mühitində daha yaxından iştirak edəcəklər”, – deyə Elçin Babayev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetində Karyera Festivalı Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə keçirilir.