Yaradıcılıq bacarıqları ilə böyüklərin diqqətini cəlb edə bilməyən dəcəl uşaq buna nail olmaq üçün ayaqlarını yerə vurur, qışqırır və möhkəm səslə ağlayır. Bu cür davranışı valideyndən nə isə tələb edən ərköyün uşaqların ifadəsində də görə bilərik. Psixoloji nəzəriyyələr baxımından uşaqların belə davranmaları şantajın alternatividir. Buna görə də tanınmış psixoloqların mövcud məsələdə başlıca tövsiyəsi ondan ibarətdir ki, valideynlər heç bir halda uşaqların bu cür emosional davranışlarına uymamalıdırlar. Çalışqan və əlaçılar sinfinə düşən davakar və oxumayan bir şagird özünü düzəltməz, əksinə, çalışacaq ki, öz komfortunu qorumaq naminə sinfin ümumi davranış mühitini pozsun, özünə uyğun davranış qaydaları yaratsın. Tədris psixologiyası ilə məşğul olan alimlər prinsipial olaraq vurğulayırlar ki, bu cür sinfilərdə müəllim hər hansı boşluq və zəiflik nümayiş etdirsə, bütün bunlar sinfin ümumi təhsil səviyyəsinə mütləq şəkildə mənfi təsir edəcəkdir.
“İNFONEWS” xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Düşündürən sadə həqiqətlər” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Natamamlıq kompleksini yaşayan xəstə ambisiyalı insanlar öz uğursuzluqlarının səbəblərini yalnız başqalarında görürlər. Eynilə məsuliyyət hissinə yad olanlar digərlərinin həyatını rahatlıqla riskə ata, qorxaq insanlar isə başqalarının arxasında gizlənərək öz məkrli niyyətlərini həyata keçirə bilərlər. Bu cür davranışın səbəblərini anlamaq üçün isə sadəcə psixoloji nəzəriyyələrə müraciət kifayət etmir, artıq burada “əxlaq” və “mənəviyyat” kimi amillərin mövcudluğu da nəzərə alınmalıdır. Sadalanan keyfiyyətləri səsli oxuyan zaman isə qeyri-iradi şəkildə bizim bəlalı radikallarımızın davranışları yada düşür. Xaos və küçə iğtişaşları arzu edən radikallar bütün dövrlərdə kütlənin arxasında gizlənməyə çalışıblar.
Sadalananlar sadə həqiqətlərdir. “Həyat” adlandırdığımız məktəb bu həqiqətləri bizə israrla öyrədir. Ancaq nədənsə bəzən bizə verilən bu “dərsləri” unuduruq və emosiyalara uyaraq başqalarının oyunlarında alətə çevrilirik. Tarixi Qələbə ilə yekunlaşan 44 günlük müharibədən dərhal sonra Azərbaycan nədənsə davamlı olaraq təzyiqlərə məruz qalır. Xankəndinin qaytarılması ilə suverenliyimizin tam bərpasından sonra isə siyasi və informasiya təzyiqlərinin həcmi və məzmunu sözün hərfi mənasında “azğınlaşıb”. Əlbəttə ki, bu gün müşahidə etdiyimiz hadisələr təsadüfi deyil. Məkrli bəyanatların tək bir səbəbi var: “super güclər” regiona nəzarətlərini Qələbəmiz sayəsində tədricən itirir.
Tarixi Qələbəmizdən sonra baş verənləri dəyərləndirərkən ortaya yeni suallar çıxır. Gəlin, bir suala səmimi cavab verək: Doğrudanmı kimsə səmimi-qəlbdən inanır ki, Avropa Parlamenti müstəqil qurumdur və dünyanın hər hansı ölkəsində baş verən ədalətsizliklər bu parlament üzvlərinin gecə yatmamalarına, habelə narahat olmalarına səbəb olur? Əlbəttə ki, bu fikir özü belə cəfəngiyyatdır. Heç təəccüblü olmaz, bəlkə də özünü “ədalət carçısı” hesab edən Cozef Borel öz qapı qonşusunun adını belə bilmir. Unutmayaq ki, “soyuqqanlılıq”, “biganəlik”, “praqmatizm” və “individuallıq” kimi xüsusiyyətlər məhz Avropa mədəniyyətinin əsas xarakteristikalarıdır. Həqiqi mənzərəni görmək və əsl səbəbləri bilmək üçün bu sadə və bəsit həqiqətləri unutmaq olmaz.
“Qış yuxusundan” oyanan “super güclər” birdən-birə gördülər ki, suveren ölkələr müstəqil siyasət yürütmək iqtidarındadırlar. Prezident İlham Əliyevin inamla səsləndirdiyi “Regionun ölkələri regionun gələcək aqibətini və münasibətlərinin xarakterini özü müəyyən edə bilər” kimi məzmunlu fikirləri, görünür Qərbin bəzi strategiyalarına uyğun gəlmir.
Şanlı Qələbə, dayanıqlı inkişaf, siyasi sabitlik, həmrəylik mühiti, siyasi iradə, iqtisadi potensial, artan nüfuz, hər zaman alternativ həll yollarının mövcudluğu, qlobal təşəbbüskarlıq və bu kimi digər amillər bəzi ölkələrdə açıq şəkildə qıcıq yaradır. Prezident İlham Əliyevə məxsus olan yuxarıda sadalanan keyfiyyətlər nüfuz, xarizma və iradə defisitini yaşayan Avropa siyasətində artıq çoxdandır ki, qibtə olunmaqdadır. Məhz elə buna görə də Qərbdə siyasət artıq seçici uğrunda təşkil olunan nəhəng şouya bənzəyir. Qərbin bu cür oyunlarında beynəlxalq təşkilatlar isə sadəcə alternativ təzyiq və manipulyasiya alətidir.
Yaşanan müxtəlif siyasi hadisələrə şəxsi münasibətin məzmunundan asılı olmayaraq hər bir məsuliyyətli vətəndaş siyasi aksiom kimi qəbul etməlidir ki, Azərbaycan Qərb üçün regionun “açarıdır”. Yumşaq desək, Qərb üçün regionun “əlçatanlığı” məhz Azərbaycanın onlara yaxınlıq dərəcəsindən asılıdır. Əslində, ABŞ strateqi Zbiqnev Bjezinski bu fikri uzun illər öncə “Böyük şahmat lövhəsi” adlı əsərində açıq şəkildə etiraf etmişdi. Qeyd olunanlar hər bir vətənpərvər azərbaycanlının bilməli olduğu sadə həqiqətlərdir.