“Mehriban xanımın təbriki məni xoşbəxt etdi”- Ülviyyə Fətəliyeva
“Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi…”
“İNFONEWS” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.
O, yarışın gərgin keçdiyini bildirib: “Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm”.
Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: “Bu, fərdi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım”.
İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: “İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür”.
Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb. Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.