1 May Azərbaycanda qeyd edilirmi? – “Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
“Səssizliyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək”
Avgust SPİES
1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir.
Bəs bu tarixi proses, 1 May bayramı necə meydana gəldi?
Əslində, bu bayram ilk dəfə Avstraliyada ortaya çıxıb. Yerli işçilər 1856-cı ildə əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün olmasının lehinə nümayişlər həyata keçirmək qərarı alırlar. İlk öncə, işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürlər. Lakin bu nümayiş elə təsirli iz buraxır, elə bir canlanma yaradır ki, bayramın hər il təkrarlanmasına qərar verilir.
Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayır.
1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqqında qərar qəbul edirlər. Ancaq işçilərin bu haqlı tələbi rədd edilir.
1884-cü ildə isə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi “8 saatlıq iş günü”nü burjuaziyaya zorla qəbul etdirmək haqqında qərar verir və bu qərara görə, 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdir.
Belliklə, 1 may 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda 200 mindən çox işçi boykota başlayır.
Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq, hücuma keçirlər. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılır və bir işçi öldürülür. İşçilər bu qanlı hadisəni protest etmək məqsədilə mitinq keçirmək qərarına gəlirlər.
4 may günü işçilər daha güclü bir mitinq təşkil edirlər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girir. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşür. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilir. İşçiləri güllə yağışına tuturlar. 4 işçi və 7 polis ölür, onlarla işçi isə yaralanır. Həmkarlar İttifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutulur.
Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi edama məhkum edilirlər.
11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə olur: “Səssizliyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək”.
Bütün bunlara baxmayaraq, Avropada da işçi hərəkatları güclü inkişaf edir və canlanır. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilir. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınır.
Azərbaycanda 1 May bayramının tarixi 1920-ci ildən başlayaraq, rəsmi bayram günü kimi qeyd edilib. Lakin hələ 1919-cu ildə əməkçilərin 1 May bayramını keçirəndə M.Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu bayramda fəal iştirak edir, onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirlər.
Azərbaycan SSRİ-nin tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.
1992-ci ildə isə bu bayram totalitar quruluşun ideoloji atributu kimi ləğv edilir. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən, 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmir.
Bu bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulur.