Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı başa çatıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı başa çatıb.
“İNFONEWS” xəbər verir ki, festival çərçivəsində xalçaçılıq sənətini əks etdirən tədbirlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevə həsr olunan Rəşad Ələkbərovun “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” və Tahir İmanovun müəllifi olduğu “Heydər Əliyev 100” eksklüziv sərgiləri, həmçinin Rüfət İsmayılın müəllif xalçalarından ibarət sərgisi maraqla qarşılanıb.
Təşkil olunan digər tədbirlərə açıq səma altındakı xalça sərgiləri, on doqquzuncu əsrə aid qədim xalçaların nümayişi, 3D formatında toxunan “Bağçada meyvələr” sərgisi, “Gül xalçası” nümayişi, xalça toxuma sənəti ilə bağlı maarifləndirici seminarlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının da iştirak etdiyi uşaqlar üçün ustad dərsləri daxil olub.
“Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara dəzgah üzərində xalçatoxuma sənəti ilə bağlı dərslər təqdim edib.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xalça Muzeyinin təqdimatı ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün “Sərhədsiz muzey” adlı inklüziv sərgi təşkil olunub. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə məktəblərinin əl işlərinin sərgisi uğurla nümayiş olunub.
Tədbir zamanı İçərişəhərin sakinləri və sahibkarları fəal iştirak edərək, ev və obyektlərin fasadlarını, eyvanlarını xalçalarla bəzəməklə festivala öz töhfələrini veriblər.