Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb.
İdarədən “İNFONEWS” -a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi mayın 23-də paytaxtdakı 158 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin elektron poçt ünvanlarına imtahanın keçirilmə saatı və məkanı haqqında məlumat göndərilib.
İmtahanda namizədlərə 30 sual təqdim olunacaq. Müsabiqədə maksimum nəticə 60 bal, keçid həddi isə 35 bal müəyyənləşdirilib. 35 və daha çox bal toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılışla bağlı elektron poçt ünvanına göndərilən məlumatı çap edərək təqdim etməlidirlər.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 1 saat əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.