İsveçin Stokholm şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş konfrans keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbir “Qobustan Azərbaycan aydınlar ocağı” dərnəyinin sədri Səadət Kərimi tərəfindən təşkil olunub.
İsveçin müxtəlif şəhərlərindən gələn 120 diaspor nümayəndəsinin iştirak etdiyi “Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edən Səadət Kərimi tədbirin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil edilməsini bildirib.
Konfransa Azərbaycandan dəvət olunan tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda çıxış edib. O, M.Ə.Rəsulzadənin həyatı və ictimai-siyasi fəaliyyəti barədə, onun mühacirətdə olduğu zamandan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər uzun və şərəfli yolundan danışıb.
Sonra çıxış edən jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, M.Ə.Rəsulzadənin mətbuatla xüsusi bağlılığı olub və azad mətbuat hər zaman onun siyasi fəaliyyətinin təməl prinsipini təşkil edib.
M.Ə.Rəsulzadənin ailə üzvü Nazim Rəhimov ailəsi barədə konfrans iştirakçılarına məlumat verib.
Konfransın sonunda M.Ə.Rəsulzadənin virtual ev muzeyi nümayiş olunub.