“Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı baş tutub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri kəlağayını yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
“İNFONEWS” xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı sərginin açılışı olub.
Sərginin açılışında Azərbaycanın Fransa və Monakodakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəliklərin səfirləri və diplomatları, yerli incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbirdə müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.
Kəlağayının hazırlanmasına dair ustad dərs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. E.Mirzəliyev tədbir iştirakçılarının suallarını cavablandırıb.
“Basqalı” brendi kəlağayının hazırlanması üçün lazım olan bütün vasitələri nümayiş etdirib. Brendin kəlağayılarının orqanik olduğunu əyani olaraq göstərilib.
“Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisi UNESCO-nun mənzil-qərargahında iki gün davam edəcək.