Azərbaycanda halal sertifikatlaşdırmanın həyata keçirilmə forması AÇIQLANDI
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçirildiyini açıqlayıb.
“İNFONEWS” xəbər verir ki, mövzu ilə bağlı AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov bildirib ki, sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaqdır.
“Bu kateqoriyalar iri və xırda buynuzlu heyvanların, qanadlı heyvanların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək. Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən ibarətdir. İlkin olaraq müraciət mərhələsində sertifikatı əldə etmək istəyən qida subyektləri halal qidaya dair ümumi tələblər üzrə uyğunluğu təsdiq edən sənədləri təqdim edəcəklər. Həmin sənədlər sertifikalaşdırma orqanının əməkdaşları tərəfindən yoxlanılacaq. Sənədlər uyğun hesab edildikdə, artıq müvafiq subyektlərdə yerində audit prosesi həyata keçiriləcək. Audit komandası texniki ekspertlərdən, auditorlardan, eyni zamanda İslam mütəxəssislərindən ibarətdir. Onların hər birinin müvafiq sahə üzrə beş ildən artıq təcrübəsi var. Audit prosesi uğurla həyata keçirilərsə, müvafiq sənədlər sertifikatlaşdırma komitəsinə təqim olunur. Sertifikat komitə tərəfindən təsdiq edildikdən sonra müvafiq sertifikat qida subyektlərinə təqdim ediləcək”- söyləyib.