Türkiyədə “M.Ə. Rəsulzadə – 140” silsilə tədbirlər keçirilib
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən hazırlanan belə tədbirlərdən biri İstanbulda təşkil olunub.
Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin “Mehtaplı gecə” layihəsi çərçivəsində təşkil olunan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Mərasimdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi yolunda böyük xidmətlər göstərmiş Məhəmməd Əmin Rəsulzadənin yubileyi münasibətilə Teatr Birliyi tərəfindən hazırlanan “Son nəfəsə qədər” sənədli filminin təqdimatı olub.
Ekran əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Azərbaycanın Xalq artisti Əlixan Səmədov, dizayn tərtibatçısı Lətafət Rafiqqızıdır. Layihənin rəhbəri isə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin sədri Kəmalə Kamal Cabbarovadır.
Mərasimdə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin aktyorlarının ifasında “İstiqlal yolçusu” adlı teatr tamaşası oynanıb, böyük şəxsiyyətə həsr olunan sərgi açılıb.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə daha bir tədbir Əskişəhərdə yerləşən Anadolu Universitetində baş tutub. Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirdə “Caspian Media Group” tərəfindən hazırlanan “Rəsulzadə, ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub. Filmin müəllifi Hüseyn Cavadzadəyə Əskişəhər Azərbaycanlılar Dərnəyi adından təşəkkür plaketi təqdim edilib.
İstanbulda keçirilən növbəti tədbir “Karabakh is Azerbaijan” Milli Platformunun (KİAMP-) Türkiyədəki koordinatorluğunun nəzdindəki Qarabağ Azərbaycan Koordinasiya Etmə Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
“Azərbaycan Xalq Cümhuriyyətinin Quruluşunun 106-cı ilində Məhəmməd Əmin Rəsulzadə” mövzusunda təşkil olunan konfransda AGİH Platformunun dəstəyi Türk Ədəbiyyatı Vəqfinin ev sahibliyi ilə keçirilib.
Konfransda vəqfin sədri Serhat Kabaklı, ehtiyatda olan zabit Esat Arslan və KİAMP Türkiyədəki koordinatorluğunun Baş koordinatoru Elvin Abdurahmanlı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu zamanındaki fəaliyyətlərindən bəhs ediblər.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.