“Böyük Ptolemey, elə et ki, Origenin qızı Ayya məni sevsin!”
Bu gildən hazırlanmış “kukla”, cadu həkk edilmiş qurğuşun lövhəsi ilə birlikdə keramik vazada tapılıb. Arxeoloqlar heykəlciyin eramızdan əvvəl III və ya IV əsrə aid olduğunu təxmin edirlər. Heykəl Misirin Fiv yaxınlığında qazıntılar zamanı aşkarlansa da, lövhədəki yazı onun yunan mənşəli olmasına işarə verir.
“İNFONEWS” xəbər verir ki, şəkildən də göründüyü kimi, heykəlin ayaqları və qolları arxadan sıx bağlanaraq diz çökmüş vəziyyətdə qoyulub. Sanki bu kifayət deyilmiş kimi, baş və bədəninə 13 mismar vurulub: biri təpəsinə, biri ağzına, biri gözlərinə və qulağına, biri sinəsinə, biri ovuclarına, biri ayaqlarına və ikisi də daxilinə. Məntiqlə düşünəndə bu heykəlin lənətlənmiş “vudu kuklası” kimi istifadə edilməsi görsənir.
Ancaq etiketdəki yazı ilə tanış olduqdan sonra anlaşılır ki, cadulu heykəlcik, sevdiyi qızın ona dəlicəsinə aşiq olması məqsədi ilə hazırlanıb.
Yazının yunancadan tərcüməsində belə deyilir:
“Böyük Ptolemey, elə et ki, Origenin qızı Ayya məni sevsin. Yanıma gələnə qədər yeyib-içməsinə və məndən başqa heç bir kişi ilə görüşməsinə icazə vermə! Nə edirsən-elə, təki mənimlə tək qalmağa razılıq versin! Mən sağ olduğum müddətdə o, ancaq məni eşidəcək, məni dinləyəcək, məni sevəcək və həmişə mənə həqiqəti söyləyəcək!”
Bu gil heykəl hazırda Parisdəki Luvrda yerləşir və onu Qədim Misirə həsr olunmuş salonda görmək olar.