“Mənim Teatrım”ın səhnəsində yeni premyera – “OVOD”
Mayın 31-də müstəqil “Mənim Teatrım”ın səhnəsində məşhur yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “OVOD” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutub.
“İNFONEWS” xəbər verir ki, tamaşanı yeni, fərqli variantda səhnələşdirilməsi Xalq artisti Vidadi Həsənova aiddir. Vidadi Həsənov eləcə də tamaşanın quruluşçu rejissorudur. Həmçinin, Əli Cəfərzadə tamaşanın bəstəkarı, Fəyyaz Ələkbərov səs rejissoru, Oksana Rəsulova geyim üzrə rəssamı, Yusif Adıgözəlov işıq rəssamı, Məhin Quluzadə isə dərzidir.
Səhnə əsərində rolları Xalq Artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov,Cavid Baba və Ramiz Qəmbər ifa ediblər.
Qeyd edək ki, “Ovod” 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. Ağır həyat sınaqlarından keçən “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Romanın yenilənmiş bu səhnə tamaşası tamaşaçılar tərəfindən olduqca maraqla qarşılanıb. Tamaşadan sonra aktyorlar və tamaşaçıların əsərin və tamaşanın müzakirəsi baş tutub ki, bu da teatrın özəlliyindən xəbər verir. 2 gün davam edən premyera anşlaqla keçib.
“Ovod”un növbəti premyerası həmin teatrda 7 və 8-iyunda saat 19:00-da baş tutacaqdır.
Foto reportaj: Xəyalə Əbilova