Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmlak və İnvestisiya Zirvəsində təmsil olunub.
“İNFONEWS” – un Dövlət Komitəsindən əldə etdiyi məlumatında bildirilib ki, tədbirdə komitənin “Böyük Qayıdış nəşrlərdə” adlı sərgisi də nümayiş etdirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində hazırlanmış nəşrlərin təqdim olunduğu sərgiyə tədbirin 100-dən çox iştirakçısı baxıb.
Milli Məclisin deputatı Mahir Abbaszadə tədbirdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışın ilkin nəticələri, bu prosesin səmərəli təşkilində maarifləndirmə, təbliğat-izahat və təşviqat işlərinin əhəmiyyəti barədə danışıb, Dövlət Komitəsinin hazırladığı nəşrlərin təkcə məcburi köçkünlərin deyil, həm də geniş ictimaiyyətin məlumatlandırılması məqsədi daşıdığını deyib.
Sərgi iştirakçılarına məcburi köçkünlər üçün hazırlanmış 6 adda maarifləndirici, 9 adda məlumatlandırıcı, həmçinin “Şuşa qalası” seriyasından 10 adda tarixi-etnoqrafik broşürlər təqdim olunub. Maarifləndirici broşürlər mina təhlüksəizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır. Həmçinin məcburi köçkünlər üçün məlumat kitabı və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından bəhs edən kitab nəşrə hazırlanıb.
“Şuşa qalası” seriyasına isə “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir.
Böyük Qayıdışa təbliğat-təşviqat və izahat dəstəyi olaraq hazırlanan nəşrlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.