“Biz və bizim dağlar” abidəsi haqqında- Vahid MUSTAFAYEV
“İNFONEWS” “anspress.com” – a istinadən təqdim edir.
“Biz və bizim dağlar” abidəsi 1967-ci ildə Əsgərandan Xankəndiyə çatan yolda ucaldılıb. Xalq arasında məhəbbətlə “Nənə və Baba” adlanan bu abidə Azərbaycan vətəndaşları – memar Səfi Qarayev və heykəltaraş Sarkis Bağdasaryan tərəfindən, Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərarı və Azərbaycan SSR-in büdcəsi hesabına inşa edilib. Onu da qeyd etmək lazımdır ki, “Biz və bizim dağlar” abidəsi dünyada uzunömürlülərin şərəfinə tikilmiş ilk abidədir. Bu da öz növbəsində Azərbaycan xalqının ənənəvi olaraq yaşlı təbəqəyə olan hörmətindən bəhs edir, necə deyərlər, “Yol böyüyündür”, özü də bu yol Əsgərandan Xankəndiyə gedirsə.
Lakin son vaxtlar bu abidə barədə bir sıra mənasız söhbətlər peyda olmağa başlayıb. Hətta bu heykəli erməni monumenti hesab edib onu dağıtmağı təklif edənlər də var. Ümumiyyətlə, mən “Yakarım, Romayı da yakarım” prinsipi ilə yaşayan insanları (Ebru Gündeşi çıxmaq şərti ilə – müəllif) anlamıram. İnsan yaradıcı varlıqdır – “Yakmaq” və ya yıxıb-dağıtmaq daha çox ibtidai dövrün insanlarına aid olan və ya bu gün ibtidai qanunlarla yaşayan, məsələn, Füzuli, Ağdam, Zəngilan, Çəbrayıl və s. Azərbaycanın yaşayış məntəqələrini dağıdanlara aid etmək olar. Onları anlamaq asandır – işğalçı prinsipləri bütün dünyada eynidir – sən biləndə ki, bu torpaq sənin, dədənin və ya babanın deyil, sən ona qarşı biganəsən və əksinə!
“Biz və bizim dağlar” abidəsində erməni qarısının həkk olunması müasir dövrün tanınmamış və süküta uğramış “Artsax”ın marketinq materiallarında reklam olunur və hətta qondarma rejimin bayraqlarında da təsvir olunmuşdur. Lakin həqiqət digər flomasterlə yazılır. Siz harada görmüsünüz ki, erməni nənəsi başı və ağzıbağlı çadrada olsun?! Bu cür geyim keçmişdə o ərazidə yaşayan müsəlman tayfalarına xas idi. Müsəlmanlardan fərqli olaraq xaçpərəst qadınlar, o cümlədən ermənilər daha açıq geyinir və ən azı, ağız və üzlərini bağlamırdılar. Bunu özümə sübut etmək üçün XVII-XIX əsrə aid erməni qadınlarının yüzlərlə şəklini tapdım… Amma bir dənə olsun, ağzıbağlı erməni xanımına rast gəlmədim. Onda başladım erməni mətbuatını araşdırmağa – burada da fiasko – Marqarita Simonyanın başçılıq etdiyi “Sputnik Armenia” saytında “Dünyanın ən gözəl xanımları ermənilərdir” məqaləsini tapdım – amma burada da XVII-XIX əsrə təsadüf edən şəkillərdə ağzı və əksər hallarda başları da açıq xanımlara rast gəldim.
Erməni qadınları XVII-XIX əə. Yelizavetpol
© Photo : Gyumri Museum Of National Architecture And Urban Life
Erməni qadınları XVII-XIX əə. Mehri
© Photo : Armenian National Ethnographic Museum In Sardarapat
Əksinə, Azərbaycan və ümumiyyətlə, müsəlman qadınları eyni zaman kəsişməsində şəriət qanunlarına əsasən başları və üzlərini qapalı tuturdular. Buna sübut kimi minlərlə foto var.
Azərbaycan qadınları və kişiləri XVII-XIX əə. Qarabağ
Azərbaycan qadınları XX ə. Gəncə
Lakin erməni qadınları arasında bu cür geyinənlər var idi – bunlar müsəlmanlığı qəbul etmiş erməni tayfaları idi. Söhbət heç də amşen və ya xamşen erməni-müsəlman tayfalarından getmir, söhbət öz istəkləri ilə Qriqorian kilsəsindən imtina edərək islamı könüllü şəkildə qəbul edənlərdən gedir.
Sonda bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu abidə 1967-ci ildə inşa edilib. “Biz və bizim dağlar” abidəsinin binövrəsi XVII-XIX əsrlərdə yox, XX əsrdə qoyulub və mən əminəm ki, onun memarı və heykəltaraşı da mənim tapdığım şəkillərə əsasən eskizi yaradıblar. Odur ki, əziz oxucum, gəlin bizi və bizim qağları dağıtmayaq, əksinə, qoruyaq ki, bir daha onlara yoldan keçənlər yiyə olmasın!