Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.
“İNFONEWS” – un Tərcümə Mərkəzindən əldə etdiyi məlumatında bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) oktyabrın 31-dək mərkəzin [email protected] ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.
Əlavə məlumat almaq istəyənlər bu nömrəyə (+994 12) 566 80 27 (daxili nömrə: 123) zəng edə bilərlər.