İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq
Azərbaycanın dünyanın ən stabil siyasi sistemlərindən birinə çevrilməsi, beynəlxalq nüfuzunun durmadan artması və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyması ölkəmizə qarşı bəzi qərəzli beynəlxalq təşkilatları, o cümlədən Qərbin ayrı-ayrı siyasi qüvvələrini təşvişə salıb. Adlarını siyasətçi qoyan, kimlərinsə sifarişini yerinə yetirən və erməni lobbisinin çirkli pulları hesabına ağa qara deməyə adət edənlər ölkəmizə qarşı mütəmadi olaraq qarayaxma kampaniyaları aparır və Azərbaycanın dünyada getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Ölkəmizdə COP29-a ciddi hazırlıq işləri görüldüyü ərəfədə anti-Azərbaycan qüvvələr daha da fəallaşmış, bu nüfuzlu tədbirə Azərbaycanın ev sahibliyi etməsindən təlaşlandıqlarını ört-basdır edə bilmirlər.
“İNFONEWS” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O, qərəzli beynəlxalq təşkilatların və Qərbin bəzi qüvvələrinin ölkəmizə qarşı hücumlarına münasibət bildirərkən bütün bunların Azərbaycanın sürətli inkişafı, hərbi qüdrətinin artması və dünya birliyində getdikcə söz sahibinə çevrilməsi ilə əlaqələndirib. Siyasi şərhçi qeyd edib ki, cəmi 33 il müstəqillik tarixi olan bir ölkənin dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsinin əsas səbəbi dövlət başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan artıq etibarlı tərəfdaş kimi həm ikitərəfli münasibətlərdə, həm də qlobal məsələlərdə özünü dəfələrlə sübut edib. Ölkəmizin dünyada sülh və sabitlik sahəsindəki fəaliyyəti tanınmış beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur.
Ə.Bədəlov deyib ki, dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətin prioritetini hər zaman milli maraqlar təşkil edib. Son vaxtlar ölkəmizə qarşı hücumlarda bəhanə guya insan haqlarının pozulmasıdır: “Təəssüf edirik ki, özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında ölkəmizin iştirakı təmin edilmədən Azərbaycanda insan haqları mövzusunda dinləmələr keçirilib. Bu dinləmələrdə əlləri günahsız insanların qanına batmış Bakıda həbsdə olan erməni separatçı qatillərin, guya işgəncələrə məruz qaldıqlarını, həmçinin Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyi kimi, əsassız iddia irəli sürülüb. Görəsən, bu iddiada olan “insan hüquqlarının müdafiəçiləri” ev-eşikləri Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış, 30 il məcburi köçkün həyatı yaşayan bir milyondan artıq azərbaycanlının, vəhşicəsinə qətlə yetirilmiş Xocalı sakinlərinin və minlərlə günahsız insanların hüquqları ilə bir dəfə də olsun niyə maraqlanmayıblar?”.
Siyasi şərhçi Qərbin COP29 ərəfəsində ölkəmizə qarşı bu cür əsassız və ədalətsiz səlib yürüşünün məqsədinin aydın olduğunu bildirib. O deyib ki, ABŞ başda olmaqla Qərb erməni lobbisinin çaldığı hər havaya oynayır: İnsan haqlarının müdafiəçiləri” olan siyasi riyakarların məqsədi günahsız insanların qatili olan erməni canilərini siyasi dustaq statusuna qaldırmaqla onların azadlığına nail olmaqdır. Bu yaxınlarda Amerikanın senatorının və konqresmenlərinin ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq ölkəmizə insan hüquqları ilə bağlı təzyiq göstərməyə çağırmasının arxasında da məhz bu dayanır. Siyasi şərhçi bu məsələnin Prezident İlham Əliyevin bir neçə gün əvvəl Cəbrayıl rayonunda sakinlərlə görüşü zamanı da diqqətə çatdırdığını xatırlatdı: “Dövlətimizin başçısı dedi ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində yazılır”.
Ə.Bədəlov deyib ki, Azərbaycana qarşı müharibə cinayətkarlarının və qatillərin azadlığa buraxılmasına və ya siyasi dustaq statusu almalarına çağırışlar, təbii ki, qəbuledilməzdir. Bu, İnsan Hüquq və Azadlıqlarına, eləcə də bu istiqamətdə qəbul edilmiş beynəlxalq konvensiyalara ziddir. Bu yaxınlarda Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı müraciətdə ABŞ-ın bir milyondan artıq soydaşımızın Ermənistan tərəfindən pozulmuş hüquqlarına biganəliyinin şahidi olduq. Müraciətdə qeyd edildiyi kimi, məgər konqresmenlər bilmirlər ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?! Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə, onları qəhrəmanlaşdırmış bir ölkədir.
“Təəssüf edirik ki, özlərini demokratiyanın beşiyi adlandıran ABŞ, Fransa, Qərbin bəzi dövlətləri, həmçinin AŞPA, ATƏT DTİHB, Avropa Parlamenti və bu kimi digərləri Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini açıq şəkildə pozmasını, Azərbaycanın torpaqlarının təxminən 20 faizini 30 il işğalda saxladığını, etnik təmizləmə siyasəti apardığını, işğal etdiyi ərazilərdə bütün şəhər və kəndləri, tarixi mədəni abidələri, qəbiristanlıqları viran qoyduğunu hələ də görməzliyə vururlar. Bunun bir adı var: siyasi korluq”, – deyə Ə.Bədəlov bildirib.