“Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub

“Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub

Oktyabrın 12-də “Xanədan” etno-restoranında Azərbaycan Milli Kulinariya Assosiyasiyasının “Qərbi Azərbaycanın şirin inciləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı “20 oktyabr – Dünya Kulinariya günü”nə həsr edilib.

Təqdim olunan kitab haqqında ümumi məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov layihənin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi dəstəyi ilə ərsəyə gəldiyini vurğulayıb: “Qərbi Azərbaycanın şirin inciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitabın ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanındır. Qərbi Azərbaycan mətbəxini biz çoxdan toplayırıq. Bu gün təqdimatını etdiyimiz “Qərbi Azərbaycanın şirin inciləri” kitabında Qərbi Azərbaycanın mətbəxi və şirniyyatlarının tarixi haqqında da məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları, maraqlı şəkilləri ilə birgə bu kitabda qeyd olunub. Kitabın özünəməxsusluğu ondadır ki, ilk dəfə rəssamlarımız tərəfindən Qərbi Azərbaycan şirniyyatlarının rəsmləri çəkilib. Kitab çox gözəl tərtib olunub. Layihənin üzərində bir çox hörmətli insanlar işləyiblər. Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən həm doğma dilimizdə, həmçinin ingilis dilində hazırlamışıq”.

Kitabın üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı şirniyyatların rəsmlərinin yer alındığını vurğulayan T.Əmiraslanov kitabda un və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatların ətraflı şəkildə təsvir olduğunu deyib: “Kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında yazı yer alır. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır”, – deyə T.Əmiraslanov qeyd edib.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva kitabın elmi, praktiki, mədəni mahiyyəti ilə yanaşı, siyasi mahiyyətini də açıqlayıb. O, eyni zamanda kitabın hazırlamasında görülən işi yüksək dəyərləndirərək, Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək fəaliyyət planları ilə bağlı uğurlar arzulayıb.

Daha sonra tədbirdə iştirak edən digər qonaqlar da öz təbriklərini və arzularını bildiriblər.

Sonda tədbir iştirakçılarına Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılaraq, hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabı təqdim edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir