Naxçıvan “GreenFest”-ə hazırlaşır
İqlim dəyişmələri ilə mübarizəyə qlobal müstəvidən yanaşan Azərbaycan 11-22 noyabr tarixlərində bütün dünyanın maraqla gözlədiyi COP29-a ev sahibliyi edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə mötəbər tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Dövlət başçısı tərəfindən “yaşıl enerji zonası” elan edilən Naxçıvan Muxtar Respublikasında da iqlim dəyişikliyi ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunur, müxtəlif tədbirlər keçirilir.
“İNFONEWS” xəbər verir ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvan şəhərində keçiriləcək “GreenFest” festivalı oktyabrın 26-sı saat 11:00-da “Saat Meydanı” İstirahət Mərkəzində başlayacaq. Tədbirdə ekoloji sərgilər, startap təqdimatları, müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar təşkil olunacaq, mövzuya uyğun stendlər nümayiş olunacaq. Rəsmilərin də iştirakı ilə önəmli məsələlərin panel müzakirələri, o cümlədən maarifləndirici, təşviqedici aksiyaların və digər fəaliyyətlərin icrası nəzərdə tutulub. Axşam saatlarından etibarən isə “Greenfest”-də canlı musiqi dinləmək imkanınız olacaq.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və yaşıl enerji potensialını nümayiş etdirmək, eyni zamanda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.