Yaşlı qadınları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb
Yaşlı nəslin nümayəndələrinə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
“İNFONEWS” – un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib. Onların 8 min manat və 9 min 530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Nazirlik vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal DİN-in “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.