İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
İstanbulda davam edən 41-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimat, imza mərasimləri və işgüzar görüşlər keçirilir.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu çərçivədə tədbirin təşkil olunduğu TÜYAP kompleksində Frankfurt Beynəlxalq Kitab Sərgisinin (“Frankfurter Buchmesse”) Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cumhuriyyəti və Yunanıstan üzrə koordinatoru Hanife İçten ilə görüş keçirilib.
Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov və ölkəmizdən bir sıra nəşriyyatların rəhbərləri iştirak ediblər.
Hanife İçten dünyanın ən böyük kitab festivallarından olan Frankfurt sərgisi barədə təqdimatla çıxış edib.
O, sərginin tarixi haqqında məlumat verib, bu il oktyabrın 16-dan 20-dək keçirilən 76-cı sərgi barədə satistik məlumatları diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycanın 2029-cu ildə keçiriləcək Frankfurt sərgisində fəxri qonaq ölkə kimi iştirakı ilə bağlı müzakirə aparılıb. Hanife İçten bununla bağlı bir sıra diqqət edilməli olan məsələlərdən söz açıb.
Nazir müavini Fərid Cəfərov öz növbəsində son illərdə ölkəmizdə kitab sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən layihə və tədbirlərdən danışıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Nəşrlərimiz dünyanın məşhur sərgilərində xüsusi stenddə təqdim edilir. Azərbaycan bu il Frankfurt sərgisində də ayrıca stendlə təmsil olunub. Azərbaycanın məqsədi bu kimi sərgilərdə fəxri qonaq ölkə olmaqla yanaşı, həm də digər platformalar çərçivəsində yeni əlaqələr qurmaq, sahənin daha da inkişafına nail olmaqdır.
Sonra Frankfurt sərgisinin regional koordinatoru naşirlərimizin suallarını cavablandırıb. Əməkdaşlıq üçün səsləndirilən təkliflər müzakirə olunub.
(Günel Karatepe)