Türkiyəli müəllim yeni kitabını UNEC kitabxanasına hədiyyə etdi
İstanbul Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin müəllimi, Türkiyənin bir sıra akademik və müxtəlif kitabxanalarında aparıcı mütəxəssis kimi çalışan Dr. Selçuk Aydın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzi (KİM) 24/7 Kitabxanasının qonağı olub.
“İNFONEWS” -un universitetdən əldə etdiyi məlumatında bildirilib ki, görüş zamanı KİM direktoru tar.ü.z.d. Adilə Abdullayeva qonağa UNEC kitabxanalarının fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar haqqında bəhs edib. UNEC KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova oxucu-istifadəçilərə burada göstərilən müasir kitabxana xidmətləri ilə, layihələrlə tanış edib.
Dr. Selçuk Aydın öz növbəsində UNEC kitabxanalarının fəaliyyətini yaxından izlədiyini, burada görülən işlərin aktuallığı barədə danışıb. O, yeni çapdan çıxmış “Yazı Kitap ve Okuma Serüveni” (“Yazı, kitab və mütaliəyə səyahət”) adlı həmmüəllifi olduğu kitabını kitabxanaya hədiyyə edib.
“Yazmaq və oxumaq beynimizi, qəlbimizi, ruhumuzu qidalandıran, bizi düşündürən, hiss etdirən, dünyanı daha dərindən dərk etməyimizə kömək edən ən önəmli vərdişlərdən və kitablar isə bu aksiyanın ən mühüm vasitəsidir…
Sivilizasiya tarixinin əvvəllərindən yazının ixtirası və bununla da biliyin yazıya həkk edilməsi ilə kitabın tarixi prosesslərdə tərəqqinin lokomotivinə, mütaliənin isə insanların intellektual üfüqlərini genişləndirən gücə çevrilməsini görürük.
“Yazı Kitap ve Okuma Serüveni” (“Yazı, kitab və mütaliəyə səyahət”) adlı bu araşdırmada tarixboyu insanın böyük səyi, zəhməti ilə ərsəyə gələn biliyin inkişafı, tərəqqisinə qısaca bir səyahət edilib”, – müəllif kitabı haqqında söyləyib.
Qeyd edək ki, Dr. Selçuk Aydın UNEC- i BDU-da keçirilən “Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti” III Beynəlxalq Simpoziumu çərçivəsində ziyarət edib.