Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsi daim uca tutulur. Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verdiyi sərancam əsasında Baş nazir Əli Əsədov da bir neçə gün əvvəl bu qəhrəman şəhidimizin adının onun təhsil aldığı Mingəçevir şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinə verilməsi barədə qərar verib.
“Dərslikdə “Bayraqdar Natiq” başlıqlı yazı gördükdə çox sevindik”
“İNFONEWS” xəbər verir ki, məktəbin direktoru Zaur Müseyibov Milli Qəhrəman Natiq Qasımovun adının ədəbiləşdirilməsindən sonsuz dərəcədə sevinclidir.
O, “Azərbaycan müəllimi” ilə söhbəti zamanı Milli Qəhrəmanın büstünün hazırlanması və məktəbə adının verilməsi ilə bağlı artıq müvafiq hazırlıqlara başlanıldığını deyir.
Zaur müəllimin sözlərinə görə, tədris zamanı şagirdlərinə Natiq Qasımovun həyat və qəhrəmanlıq yolundan hər zaman qürurla danışırlar. Elm və Təhsil Nazirliyinin 5-ci sinif “Azərbaycan tarixi” dərsliyində də “Qanı ilə tarix yazan qəhrəmanlar” başlıqlı mövzuda şəhidin qəhrəmanlıq salnaməsindən bəhs edilir: “2024-cü ildən 9-cu sinif “Azərbaycan tarixi” kitabında da şəhid haqqında “Bayraqdar Natiq” başlıqlı faktlara əsaslanan yazını gördükdə çox sevindik. Burada şəhidimizin bayrağımızı canı bahasına qoruduğunu təsdiq edən faktların yer alması və şagirdlərin bu məlumatları dərsliklər vasitəsilə öyrənməsi çox vacibdir. Bu cür igidlərimizlə bağlı faktları tarix kitablarına daxil etmək, onları yaşatmaq, gələcək nəsillərə ötürmək bizim milli-mənəvi borcumuzdur.
“Şagirdlərin milli-mənəvi ruhda təhsil almaları üçün hazırlanan kitablarda bu cür qəhrəmanların adına tez-tez rast gəlirik. Bu, bizi qürurlandırır”.
“Prezidentin sərəncamı anamı çox kövrəltdi”
Bu qürurlu xəbəri aldıqdan sonra “Azərbaycan müəllimi” olaraq biz də Şəhidlər xiyabanında məzarı olmayan Milli Qəhrəmanımızın barelyefini ziyarət etdik.
Barelyefinin qarşısında görüşdüyümüz qardaşı Nofəl Qasımov illərdir ki, qardaşının axtarışını davam etdirir. Gözündə məğrur kədər ilə bizimlə söhbətə başlayan Nofəl bəy qardaşının adının məktəbə verilməsi üçün bir ay əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət edib: “İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mənimlə görüşündə Elm və Təhsil Nazirliyinə bununla bağlı müraciət edəcəyini dedi. Çox qısa zaman ərzində nazirliyin bu istəyimi dəstəkləməsi və Prezidentin sərəncamı ilə onun adının əbədiləşdirilməsi ailəmizi, xüsusilə anamı, bütün Natiqsevərləri kövrəltdi”.
“Onda hiss etdim ki, Natiq niyə oğluma Namiq adını qoymağımı istədi”
Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Qardaşının dediyinə görə, ailələrində 4 uşaq olub. Evin ən kiçiyi olan Natiq həm də ailənin ən istəklisi kimi hamı tərəfindən çox sevilib: “Mən Natiqdən 10 yaş böyük idim. Natiq Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə təhsil alanda mən Rusiyada yaşayırdım. O vaxtlar Qarabağla bağlı çox narahatedici xəbərlər gəlirdi. Mən həmin vaxt onunla tez-tez əlaqə saxlayırdım. Övladım dünyaya gələndə Natiq ona Namiq adını qoymağımı istədi. Müharibə başlayan kimi isə Natiq cəbhəyə yollandı. Onda hiss etdim ki, Natiq niyə oğluma Namiq adını qoymağımı istədi, amma ona heç nə deyə bilmədim, arzusunu yerinə yetirdim”.
Bir şəkil ilə tarixlərə düşdü
Natiq Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə Ağdam rayonunda könüllü olaraq təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib.
O, 1992-ci il martında Xocalı rayonunun Pirlər kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün Alban kilsəsində ac-susuz, təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı gün – 1992-ci il martın 12-də rusiyalı və italiyalı jurnalistlərin – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Natiqin əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Məhz bu jurnalda dərc olunan foto Milli Qəhrəmanımızın şücaətinin nümunəsi idi. Əsir düşərkən belə bayrağı qoruması Natiq Qasımovu dünyaya tanıtdı.
“Öldüyü deyilsə də, Natiqin axtarışlarını dayandırmadım”
“Natiq əsir düşdüyü gündən onu axtarmağa başladım, bunun üçün çox çalışdım. O vaxt Milli Qəhrəman Allahverdi Bağırovla görüşdüm. O, Natiqin diri-diri yandırıldığı xəbərini alsa da, mən axtarışları dayandırmadım. Allahverdi Bağırov sonra mənimlə yenidən əlaqə saxladı. 60 şəhidin nəşinin ermənilərdən təhvil alındığını dedi, gəlib baxmağımı istədi. Lakin mən o qədər cəsədin içində bir nəfərin vurularaq öldürüldüyünü gördüm. Bəlkə də həyatımda o qədər dəhşətli, ağrılı bir səhnə yaşamamışdım. Atamla birlikdə öldürülənlərin arasında Natiqi axtarmağa başladıq. Amma cəsədlərə qarşı o qədər vəhşiliklər edilmişdi ki, mən dəhşətə gəlirdim: bəzilərinin dəriləri soyulmuş, diri-diri yandırılmışdı, tanınmaz halda idilər. Natiqin sinəsində “ANA” yazısı vardı. Mən ona görə bir neçə hərbi paltarda olan, amma tanınmaz halda olan şəhidlərin sinəsinə baxmaq istədim. Onların hamısının sinəsi qaralmış kömür kimi idi. Adamın qanı donurdu bu vəhşiliyə. İnsan insana bunu edərdimi?
Biz 30 il sonra bu günahsız qanların qisasını aldıq. Amma mərd-mərdanə aldıq, kişi kimi döyüşdük. Heç bir mülki vətəndaşa zərər vermədik, şərəflə döyüşdük”.
Müsahibimiz deyir ki, 2020-ci ildə 44 günlük müharibə olan zaman Natiqin nəşini axtardığı günləri çox xatırlayıb. “O günləri onsuz da unutmuram. Onda bir şeyi anladım ki, insanın düşməni də kişi olmalıdır. Düşmənin nakişi olarsa, ondan hər cür vəhşilik gözləyə bilərsən. Natiqi axtardığım dövrdə Qızıl Xaç Cəmiyyətinə getdim, o dövrlərdə heç nə düzgün işləmirdi. Mənə onun öldüyü deyilsə də, bu günə qədər nə Natiqin yoxluğu ilə barışdım, nə də axtarışlarımı dayandırdım”, – deyə söhbətinə davam edir.
“Oğlum dedi ki, onun üçün əmisinin həyatını canlandırmaq çox ağırdır”
Nofəl bildirir ki, sonralar qardaşı haqqında filmin çəkilməsi üçün müvafiq qurumlara müraciət edib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ildə çəkilmiş “Oğul” filmində Natiq Qasımovu oğlu Namiq Qasımov canlandırıb: “Sonra başqa bir film də çəkildi. Bu filmin çəkilişlərini xarici kinooperatorlar həyata keçirdi, çəkilişlər 3 il davam etdi. Çəkilişlər üçün İngiltərədən də nümayəndələr gəldi. Bu film Almaniyada, Hindistanda, Çexiyada keçirilən festivallarda nümayiş olunub. Prodüseri hindistanlı Kalan Sink, rejissoru almaniyalı Ekat idi. Onlar dövlət tərəfindən dəvət edilmişdi. Həmin şəxslər bu filmdə də Natiq rolunu oğlum Namiqin canlandırmasını istədilər. Oğlum əvvəlki filmdə çəkilsə də, bu filmdə çəkilməkdən imtina etdi. Əmisinin yaşadığı həyatı canlandırmaq onun üçün çox ağrılı idi. Bizə dedi ki, onun üçün əmisinin həyatını canlandırmaq çox ağırdır”.
Qəhrəmanın xatirəsinin yaşadılması
Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
“Mən bu gün də axtarışlarımı davam etdirirəm. Mingəçevirdəki Şəhidlər xiyabanında itkin düşənlərin rəmzi məzarı Natiqin məzarının əvəzini vermir. Bunu 2020-ci il Vətən müharibəsi zamanı oğlunu məzara qoyan, naləsi heç dinməyən bir şəhid anasına da dedim. “32 ildir boş məzarın başında qardaşımı gözləyirəm”, – dedim. Mən bu məzara gül gətirib qoymamışam. Natiq burada deyil. Natiqi o qədər axtardım ki… cənab Prezidentimiz də bu axtarışlarımdan xəbərdar idi… 2024-cü il iyunun 25-də mənə zəng gəldi ki, Prezident bu gün imzaladığı sərəncamla Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adını verdi. Sərəncamın ad günümə təsadüf etməsi, Prezidentinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı məni bir daha qürurlandırdı”.
Nofəl danışır ki, Mingəçevirdə Natiq Qasımovun adını daşıyan bulaq var. Natiqin sevdiyi qız heç vaxt ailə qurmadı, çox tez-tez həmin bulağa gəlib onun arxasındakı oturacaqda oturub fikrə dalar, sonra çıxıb gedərdi: “O qız Natiqdən bir neçə sinif aşağı oxuyurdu, illərlə Natiqin qayıdacağına ümid etdi, onun yolunu gözlədi. Nə Natiq qayıtdı, nə də bulağının başında oturub yolunu gözləyən qız çıxıb getdi…”
Qəhrəmanın ailə üzvü əlavə edir ki, icra başçısı İlham İsmayılov Mingəçevirin QRES qəsəbəsində yeni bulağın tikilməsi ilə bağlı işlərin yaxın vaxtda yekunlaşacağını bildirib. O, bulağın məhz yanvarın 2-də Natiqin ad günündə açılacağını deyib.
“Bu gün tək istəyim var. Artıq bilirəm ki, Natiq sağ deyil. Mənim qardaşım haqqında daha düzgün məlumatı Vitali Balasanyan verə bilər. Arzum onun həbs olunması və qardaşımın nəşinin tapılaraq Mingəçevirə gətirilməsidir. Natiqin nəşi tapıldıqda axtarışlarımı dayandıracağam. Son nəfəsimə qədər Natiqi axtaracağam”, – deyən qardaşın nitqi tutulur, gözü dolur. Biz də onun qəhərinə şərik olub məzarı olmayan Milli Qəhrəmanımızı sükutla yad etdik. İllərdir yorulmadan qardaş axtarışında olan, gözünə kədər dolan Nofəl qardaşımızın və ailəsinin tək təsəllisi Natiq Qasımovun adının əbədiləşdirilməsidir. Qəhrəmanlığı haqqında məlumatların dərsliklərə salınması, oxuduğu məktəbə adının verilməsi, adına xatirə bulağının ucaldılması, filmlərin çəkilməsi – bütün bunlar bir şəhidin ölməzlik rəmzidir.
Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların keçdiyi şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur. Onların xatirəsi qəlbimizdə daim yaşayacaq. Çünki şəhidlər ölməz, Vətən bölünməz!