“Vaqif Mustafazadənin musiqi irsini yaşatmaq mənim üçün şərəfdir”
Hər il eyni tarixlərdə, dekabr və mart aylarında Vaqif Mustafazadənin tədbir, eləcə də konsertlərini təşkil edirəm. Bunları bəstəkarın ev-muzeyində və müxtəlif konsert məkanlarında keçirirəm. Hətta Moskva şəhərində də biz bu cür tədbirlərlə Vaqif Mustafazadənin xatirəsini yad etmişik. Baxmayaraq ki, V. Mustafazadə bibim oğludur, bu mənim üçün həm doğmalıq məsuliyyəti yaradır, həmçinin onun musiqi irsini qorumaq və gələcək nəsillərə ötürmək mənə görə şərəfli bir işdir. Bu məsuliyyətli işi və görkəmli bəstəkarın ev-muzeyini Vaqif Mustafazadənin anası, bibim Zivər xanım mənə vəsiyyət edib. Elə ona görə də belə bir etimadı doğrultmaq mənim üçün ən önəmli məsələlərdəndir.
“İNFONEWS” xəbər verir ki, bu sözləri AZƏRPRESS Media Group-a açıqlamasında sənətkarın adını daşıyan xeyriyyə fondunun, eləcə də ev-muzeyinin rəhbəri Afaq Əliyeva deyib.
“Görkəmli bəstəkar, pianoçu, caz-muğam janrının banisi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin vəfatının 45 illiyinə həsr etdiyimiz konsert isə sizin də şahidliyinizlə möhtəşəm keçdi və böyük marağa səbəb oldu. M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert zalı, demək olar ki, tamaşaçı ilə tam dolu idi. Mənim üçün bu çox məsuliyyətli və gərgin bir iş idi. Konsertdə dəyərli, istedadlı musiqiçilərimiz V.Mustafazadə musiqilərindən ibarət bir-birindən gözəl ifalar nümayiş etdirdilər. Bu konserti təşkil etməkdə mənə dəstək olan hamıya öz minnətdarlığımı bildirirəm. Emil Əfrasiyab, Şahin Növrəsli kimi gözəl ifaçılarımıza xüsusi təşəkkür edirəm ki, onlar uzun illərdir ki, belə məsələlərdə mənim yanımdadırlar. V.Mustafazadə yolunu tutaraq, görkəmli bəstəkarımızın musiqi irsini, onun yaratdığı caz-muğam janrını yaşadırlar. Beləcə Vaqif Mustafazadə musiqi irsindən bəhrələnirlər. Bu bizim caz musiqimizin yaşaması, eləcə də gələcək nəsillərə ötürülməsi üçün də çox vacibdir. Bildiyiniz kimi V.Mustafazadə musiqisi bütün dünyada tanınır. Onun musiqilərinə müraciət edərək, caz-muğam janrını dünyada tanıdan istedadlı musiqiçilərimiz çoxdur. V.Mustafazadə musiqilərinə müraciət edən musiqiçilər üçün də onların dünya səviyyəsində tanınmalarına geniş imkanlar açılır. Qeyd edim ki, sənətkarın adını daşıyan xeyriyyə fondu tərəfindən Mədəniyyət Nazirliyi və Paşa bankın dəstəyi ilə keçirilən “Maestroya sevgi ilə” adlı konsertin bilet satışlarından gələn gəlirlər xeyriyyə fonduna yönləndirilib. Üzümüzə gələn yeni ildə isə Moskva şəhərində Vaqif Mustafazadənin yeni vinil albomlarının hazırlanmasını planlayırıq. Bu istiqamətdə bir çox yeni layihələrin, konsert və tədbirlərin təşkil olunması da bizim planlarımıza aiddir”, – deyə A. Əliyeva qeyd edib.
Emil Məlikov, AZƏRPRESS